2024/2025
Tarixi mövsüm, ilk titul!
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan komandamızın ilk rəqibi İsrailin köklü “Makkabi” (Hayfa) klubu oldu. İlk oyundan səfərdə güclü rəqibi önündə inamlı – 3:0 hesablı qələbə ilə ayrılan “Sabah” cavab matçı öncəsi böyük üstünlük əldə etdi. Cavab görüşünün əsas vaxtı 5:2 hesabıyla rəqibin xeyrinə başa çatdığından, matçda əlavə vaxt oynanıldı. Əlavə vaxtda komandalar hərəyə daha bir dəfə fərqləndiyindən, qalibin adına penaltilər seriyasında aydınlıq gəldi. Burada daha dəqiq oynayan komandamız güclü rəqibini mübarizədən kənarlaşdıraraq, ikinci dəfə qatıldığı avrokuboklarda ardıcıl ikinci dəfə mərhələ adlamağı bacardı. Bu, Azərbaycanın klub futbolu tarixində, avrokuboklarda penaltilərdə qazanılan ilk qələbə idi. Növbəti mərhələdə İrlandiyanın “Sent Patriks Atletik” klubu ilə qarşılaşan komandamız hər iki matçda məğlub olaraq (0:1, 0:1) Konfrans Liqasında mübarizəni dayandırdı.
Bu mövsüm klubun tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, “Sabah” tarixi ərzində ilk titulunu qazandı. Komandamız Azərbaycan Kubokunun final oyununda “Qarabağ”ı 3:2 hesabıyla məğlub edərək, tarixi ərzində ilk dəfə ölkə kubokunun qalibi oldu!