Oktyabrın 25-də “Sabah” Futbol Klubu yeni ev stadionu olan “Sabah Arena”da ilk oyununu keçirib. Bu əlamətdar qarşılaşmanı FIFA U-15 tədbirləri çərçivəsində ölkəmizdə səfərdə olan beynəlxalq futbol ictimaiyyətinin yüksəkvəzifəli nümayəndələri də izləyiblər.
Qonaqlar arasında FIFA prezidenti Canni İnfantino, FIFA-nın qlobal futbol inkişafı üzrə rəhbəri Arsen Venger, AFFA prezidenti Rövşən Nəcəf, eləcə də bir sıra ölkələrin milli futbol federasiyalarının rəhbərləri və nümayəndələri yer alıblar.
Qonaqlar Azərbaycan çempionatının turun mərkəzi qarşılaşması olan “Sabah” – “Qarabağ” matçını izləyərək klubumuzun tarixində əlamətdar hadisəyə – yeni ev stadionumuzda keçirdiyimiz ilk oyuna şahidlik ediblər.
Beynəlxalq futbol ictimaiyyətinin nüfuzlu nümayəndələrinin bu qarşılaşmada iştirakı klubumuz üçün xüsusi əhəmiyyət daşıyır və Azərbaycan futboluna, eləcə də onun inkişafına artan marağın daha bir göstəricisidir.