"Sabah"ın U-13 və U-15 komandalarının iştirak etdiyi, Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.
U-13 “Konyaspor”a 3:1, “Hatay Altın Gençlik”ə isə 11:0 hesabıyla qalib gələrək qrup mərhələsini 2-ci sırada başa vurub. “Konyaspor”la oyunda qollarımıza Yusif Ağayev, Əli Hüseynli və İbrahim Sədiyev imza atıblar. “Hatay Altın Gençlik” komandası ilə qarşılaşmada isə Yusif Ağayev (5), Cəlal Məmmədli (3), Hüseyn Musayev, Çingiz Müslümov və Eltun Məmmədov fərqləniblər. Nasir Nəsirlinin çalışdırdığı komanda 9-cu yer uğrunda matçlarda Türkiyənin "Kadriyespor" komandasını 9:0, Belarusun "Energetik" komandasını 3:0, Türkiyənin "Özerspor" komandasını isə 1:0 hesabıyla məğlub edib. "Kadriyespor"la oyunda qollarımıza Yusif Ağayev (3), Cəlal Məmmədli, Elman Tahirov, Çingiz Müslümov, Amal Şıxkərimzadə, Hüseyn Musayev və Əli Hüseynli imza atıblar. "Energetik"lə matçda komandamızın qollarının müəllifləri Yusif Ağayev, Hüseyn Musayev və Ayxan Hüseynov olublar. "Özerspor"la görüşdə isə Yusif Ağayev komandamızın yeganə qolunu vurub. "Sabah" turniri 36 komanda arasında 9-cu pillədə başa vurub.
U-15 isə “Konyaaltı” komandasını 2:1, “Manisa” komandasını isə 7:0 hesabıyla məğlub edərək qrup mərhələsini lider kimi başa vurub.
“Konyaaltı” ilə matçda komandamızın qollarına Rəvan Məmmədov və Ayxan İbadov imza atıblar. “Manisa” ilə matçda isə Firdovsi Şeydayev (2), Ayxan İbadov (2), Xəzər Hüseynzadə (2) və Rəvan Məmmədov fərqləniblər. Şahin Zeynalovun baş məşqçisi olduğu komanda 1/4 final mərhələsində İngiltərənin “Fulhem” komandasına 0:2 hesabıyla uduzub. Komandamız 5-8-ci yerlər uğrunda mübarizədə Qazaxıstanın OİNA komandasına 6:0 hesabıyla qalib gəlib. Qollarımıza Ruslan Əbilov, Rəvan Məmmədov (2), Çingiz Məmmədov (2) və Nizami Nəbiyev imza atıblar. Türkiyənin "Samsunspor" komandası ilə matçda 1:1 hesablı heç-heçə edən komandamız, oyun sonrası penaltilər seriyasında 6-7 hesabıyla məğlub olub. Bu matçda komandamızın yeganə qolunu Firdovsi Şeydayev vurub. U-15 komandamız turniri 24 komanda arasında 6-cı pillədə bitirib.
